:
Reuters agentliyinin iki avropalı rəsmiyə istinadən verdiyi xəbərə görə, ABŞ-ın İrana qarşı hərbi müdaxiləsi yaxın 24 saat ərzində baş verə bilər. İngiltərənin Reuters xəbər agentliyinə danışan qərbli hərbi rəsmi, bütün əlamətlərin ABŞ-ın İrana hücumunun yaxın olduğunu göstərdiyini bildirib.
İran rəhbərliyi İslam Respublikasının indiyədək qarşılaşdığı ən pis daxili iğtişaşları yatırmağa çalışarkən, Tehran ABŞ Prezidenti Donald Trampın hökumət əleyhinə etirazçıların xeyrinə müdaxilə təhdidlərinin qarşısını almağa çalışır.
ABŞ-lı bir rəsmi verdiyi açıqlamada, yüksək rütbəli bir iranlı rəsminin Tehranın qonşu ölkələri "Vaşinqtonun hücumu halında Amerika bazalarını vuracağı" barədə xəbərdarlıq etməsindən sonra, ABŞ-ın Yaxın Şərqdəki bazalarından bəzi heyəti geri çəkdiyini qeyd edib. ABŞ-ın ardınca İngiltərə də Qətərdəki ABŞ bazası olan Əl-Udeyddəki əsgərlərini geri çəkməyə başlayıb.
Qərbli bir hərbi rəsmi çərşənbə günü Reuters-ə verdiyi açıqlamada: "Bütün əlamətlər ABŞ-ın hücumunun yaxın olduğunu göstərir, lakin bu administrasiya hər kəsi ehtiyatda saxlamaq üçün belə davranır. Proqnozlaşdırıla bilməmək strategiyanın bir hissəsidir" deyib. İsrailli bir rəsmi də Trampın müdaxilə qərarı almış kimi göründüyünü, lakin bunun miqyası və vaxtının qeyri-müəyyən olduğunu bildirib.
Qətər: Heyətin ayrılması önləyici tədbirdir
Qətər Beynəlxalq Media Ofisi paytaxt Dohadakı ABŞ-a məxsus Əl-Udeyd Hava Bazasından bəzi heyətin ayrılmasının regionda artan gərginlik səbəbindən alınan önləyici tədbir olduğunu elan edib. Yazılı açıqlamada bu addımların mövcud regional gərginliklərə cavab olaraq atıldığı ifadə edilib.
Açıqlamada Qətərin öz vətəndaşlarının və ölkədə yaşayanların təhlükəsizliyini ən yüksək prioritet hesab etdiyi vurğulanaraq, bu çərçivədə kritik infrastrukturun və hərbi obyektlərin qorunması üçün zəruri olan bütün tədbirlərin görüldüyü qeyd edilib.
Silahlı kürd qruplar İraqdan İrana keçməyə cəhd edib
Reuters-in xüsusi xəbərinə görə, silahlı kürd separatçı qruplar İraq sərhədindən İrana keçməyə çalışıb. Aralarında yüksək rütbəli bir iranlı rəsminin də olduğu üç mənbə, MİT-in (Türkiyə Milli Kəşfiyyat Təşkilatı) sərhədi keçməyə çalışan silahlılar barədə İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) xəbərdarlıq etdiyini bildirib.
MİT mövzu ilə bağlı hər hansı açıqlama verməyib. Türkiyə son günlərdə İrana ediləcək hər hansı xarici müdaxilənin regional böhranları alovlandıracağı barədə xəbərdarlıq etmişdi. İranlı rəsmi silahlı qrupların İraq və Türkiyədən göndərildiyini iddia edərək, Tehranın bu ölkələrdən İrana döyüşçü və ya silah transferini dayandırmalarını tələb etdiyini əlavə edib.