Trump administrasiyasının 112 milyar dollarlıq Qəzza planı, kürəkəni Kushner yenə baş rolda: "Project Sunrise"
Trump administrasiyası, Qəzzanı lüks sahil şəhərləri və yüksək texnologiyalı infrastrukturla yenidən inşa etməyi hədəfləyən 112 milyar dollarlıq "Project Sunrise" planını xarici ölkələrə təqdim edib. Plan Qəzzanı dağıntılardan çıxararaq lüks sahil kurortları, sürət qatarları və süni intellekt dəstəkli enerji şəbəkələri ilə təchiz olunmuş müasir bir metropola çevirməyi nəzərdə tutur.
"Project Sunrise" adlanan bu layihə, Prezident Donald Trump-ın kürəkəni Jared Kushner və Yaxın Şərq üzrə xüsusi nümayəndə Steve Witkoff-un rəhbərliyi ilə hazırlanıb. Ağ Evin yüksək rütbəli rəsmilərinin də daxil olduğu komanda, Qəzzanın gələcəyi ilə bağlı 32 səhifəlik "PowerPoint" təqdimatı hazırlayıb.
Çadırlardan penthauslara gedən yol
"Məxfi olmayan, lakin həssas" qeydi daşıyan təqdimatda Qəzza xalqının müvəqqəti sığınacaqlardan müasir mənzillərə, yoxsulluqdan rifaha daşınması hədəflənir. Təqdimatda sahil boyu ucalan göydələn görüntüləri, xərc cədvəlləri və investisiya proqnozları yer alır.
Wall Street Journal-ın xəbərinə görə, plan Qəzzanın yenidən qurulması üçün hansı ölkə və ya şirkətlərin maliyyə ayıracağını dəqiq göstərmir. Bundan əlavə, yenidənqurma prosesində didərgin düşmüş təxminən 2 milyon fələstinlinin harada yaşayacağına dair ətraflı məlumat verilmir. ABŞ rəsmiləri planın Körfəz ölkələri başda olmaqla, Türkiyə və Misir kimi potensial donor ölkələrə nümayiş etdirildiyini bildirirlər.
Şübhələr və etirazlar
Planı araşdıran bəzi ABŞ rəsmiləri layihənin real tətbiqi ilə bağlı ciddi şübhələr daşıyırlar. Rəsmilər Həmasın silahı yerə qoymağa razı olmayacağını və bu şərt yerinə yetirilsə belə, zəngin ölkələrin yüksək riskli bir bölgəyə bu qədər böyük investisiya qoymağa həvəsli olmaya biləcəyini qeyd edirlər.
Yaxın Şərq mütəxəssisi Steven Cook: "İstədikləri qədər təqdimat hazırlaya bilərlər. İsraildə heç kim mövcud vəziyyətin dəyişəcəyinə inanmır", - deyə qiymətləndirmə aparıb.
Ağ Ev: Sülh və rifah hədəflənir
Ağ Evdən verilən açıqlamada Trump-ın Qəzzadakı hadisələri yaxından izlədiyi bildirilib: "Trump administrasiyası davamlı sülhü qorumaq və Qəzza üçün dinc və firavan gələcəyin təməllərini qoymaq məqsədilə tərəfdaşları ilə işləməyə davam edəcək".
112 milyar dollarlıq nəhəng büdcə
İlkin plana görə, layihə 10 il ərzində ümumilikdə 112,1 milyar dollara başa gələcək. ABŞ təxminən 60 milyar dollarlıq hissəni qrant və borç zəmanətləri ilə "əsas maliyyəçi" kimi dəstəkləməyi nəzərdə tutur. Dünya Bankının da maliyyələşmədə rol alması planlaşdırılır. Planın iddiasına görə, növbəti illərdə Qəzza layihələrdən gəlir əldə edərək borclarını qaytara və iqtisadiyyatını müstəqil maliyyələşdirə bilər.
Dörd mərhələli yenidənqurma prosesi
Yol xəritəsi dağıntıların təmizlənməsi, partlamamış sursatların və tunellərin ləğvi ilə başlayır.
-
Müvəqqəti sığınacaqlar, səhra xəstəxanaları və mobil klinikalar işə salınacaq.
-
Daimi mənzillər, məktəblər, səhiyyə müəssisələri və ibadətgahlar inşa ediləcək.
-
Yenidənqurma prosesi cənubda Rəfah və Xan Yunisdən başlayacaq.
-
Daha sonra mərkəzi bölgələrə və ən sonda Qəzza şəhərinə doğru irəliləyəcək.
"Yeni Rəfah" mərkəzi planı
Təqdimatda "Yeni Rəfah" adlandırılan şəhər Qəzzanın inzibati mərkəzi kimi layihələndirilir. Şəhərdə 500 mindən çox insanın yaşayacağı, 100 mindən çox mənzil, 200-dən çox məktəb və 75-dən çox səhiyyə müəssisəsinin yer alacağı qeyd olunur.
Həmas şərti — "Qırmızı xətt"
Planın ikinci səhifəsində qırmızı və qalın hərflərlə bu şərt vurğulanır: Həmas bütün silahlarını və tunellərini təhvil verməlidir. Rəsmilər bu şərt yerinə yetirilmədən heç bir mərhələnin həyata keçirilməyəcəyini bildirirlər. ABŞ Dövlət Katibi Marco Rubio: "Yaxın gələcəkdə yeni bir müharibə ehtimalı varken, heç kim Qəzzaya investisiya qoymaz", - deyib.
Kushner-in keçmişi və tənqidlər
Daşınmaz əmlak sahəsindəki keçmişi ilə tanınan Jared Kushner, Trump-ın ilk dönəmində "İbrahim Sazişləri"ndə (Abraham Accords) mühüm rol oynamışdı. Ağ Evdən ayrıldıqdan sonra o, Yaxın Şərq fondları tərəfindən dəstəklənən milyard dollarlıq investisiya şirkəti qurub. Tənqidçilər isə bu layihənin faktiki olaraq "dövlət quruculuğu" (nation-building) mənasına gəldiyini müdafiə edirlər. Steven Cook: "Buna nə deyirsinizsə deyin, bu, açıq-aşkar bir dövlət quruculuğu layihəsidir", - deyə bildirib.