-
Önə Çıxanlar Siyasət İqtisadiyyat İdman Texnologiya Dünya Mədəniyyət Sağlıq Yemək

Süni İntellekt Beynimizi Tənbəlləşdirir?

+04


Süni İntellekt Beynimizi Tənbəlləşdirir?
SCOOP News

 

Süni intellekt dəstəkli çatbotların geniş yayılması fərdlərin düşünmə və öyrənmə proseslərinə təsirləri ilə bağlı müzakirələri də özü ilə gətirdi. ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MIT) tərəfindən aparılan bir araşdırma, yazı prosesində süni intellektdən istifadə edən şəxslərin beyin fəaliyyətində, koqnitiv (idraki) proses və tənqidi təfəkkürlə əlaqələndirilən şəbəkələrdə nəzərəçarpacaq dərəcədə azalma baş verdiyini üzə çıxardı.

Araşdırmada ChatGPT kimi alətlərdən yararlanaraq inşa yazan iştirakçıların, süni intellektdən istifadə etməyənlərlə müqayisədə həm daha aşağı zehni fəallıq nümayiş etdirdiyi, həm də yazdıqları mətnlərə sonradan hakim olmaqda çətinlik çəkdikləri müəyyən edildi. Bu tapıntılar uzunmüddətli dövrdə öyrənmə bacarıqlarının zəifləyə biləcəyi ilə bağlı narahatlıqları gücləndirib.

MIT Araşdırması: Beyin Fəallığı Azalır

MIT tərəfindən bu il yayımlanan araşdırma göstərir ki, ChatGPT vasitəsilə esse yazan şəxslər yazı prosesi zamanı idraki fəaliyyətlə bağlı beyin şəbəkələrində daha aşağı aktivlik göstərirlər.

Elektroensefaloqrafiya (EEQ) metodu ilə beyin fəaliyyətləri ölçülən tədqiqatda, süni intellekt istifadə edən iştirakçıların öz yazdıqları mətnlərdən sitat gətirməkdə də çətinlik çəkdikləri müəyyən olunub. Tədqiqatçılar bu nəticələrin "öyrənmə bacarıqlarında baş verə biləcək geriləmənin təcili araşdırılmasına" ehtiyac olduğunu vurğulayıblar.

Həddindən Artıq İnam Tənqidi Təfəkkürü Zəiflədir

Karneqi Mellon UniversitetiMicrosoft tərəfindən birgə aparılan başqa bir araşdırma isə süni intellektə olan inam artdıqca tənqidi təfəkkür cəhdinin azaldığını ortaya qoyub.

Həftədə ən azı bir dəfə süni intellekt alətlərindən istifadə edən 319 ofis işçisi arasında aparılan sorğuda iştirakçıların süni intellektə tapşırdıqları vəzifələr araşdırılıb. Nəticələr göstərib ki, bu vasitələrin səriştəsinə olan yüksək inam problem həll etmə prosesində zehni iştirakı azaldır. Araşdırmada süni intellektin məhsuldarlığı artıra biləcəyi, lakin uzunmüddətli perspektivdə müstəqil düşünmə bacarıqlarının zəifləməsinə yol aça biləcəyi barədə xəbərdarlıq edilib.

Tələbələr də Narahatdır

Oxford University Press (OUP) tərəfindən oktyabr ayında dərc olunan araşdırmaya görə, Birləşmiş Krallıqdakı tələbələrin 60%-i süni intellektin onların təhsil bacarıqlarına mənfi təsir etdiyini düşünür.

Buna baxmayaraq, OUP-un generativ süni intellekt üzrə mütəxəssisi Dr. Alexandra Tomescu mənzərənin tamamilə bədbin olmadığını deyir. Onun sözlərinə görə, tələbələrin 90%-i süni intellektin onların ən azı bir akademik bacarığını inkişaf etdirdiyini bildirir. Lakin tələbələrin təxminən dörddə biri süni intellektin "işləri həddindən artıq asanlaşdırdığını" qeyd edir.

"Nəticələr Yaxşıdır, Amma Öyrənmə Zəifdir"

University College London-un professoru Ueyn Holms (Wayne Holmes) süni intellektin təhsildə yayılması məsələsində daha ehtiyatlı olmağın tərəfdarıdır. Holms bildirir ki, süni intellekt bəzi peşə qruplarında "koqnitiv körelməyə" (zehni zəifləməyə) səbəb olur.

Harvard Tibb Fakültəsinin araşdırmasına istinad edən Holms xatırladır ki, süni intellekt dəstəkli sistemlər bəzi həkimlərin performansını artırsa da, bəzilərində tam əks təsir yaradıb. Holmsa görə, tələbələrin süni intellekt vasitəsilə daha yüksək qiymətlər alması mümkün olsa da, əsl problem öyrənmənin səthi qalmasıdır.

OpenAI: "Süni İntellekt Müəllim Kimi İstifadə Edilməlidir"

OpenAI-ın beynəlxalq təhsil üzrə məsul şəxsi Ceyna Devani (Jayna Devani) isə şirkətin bu müzakirələrdən xəbərdar olduğunu bildirib. BBC-yə danışan Devani vurğulayıb ki, ChatGPT bir "cavab maşını" deyil, bələdçi və ya repetitor kimi istifadə edilməlidir. Xüsusilə gec saatlarda dəstək axtaran tələbələr üçün süni intellektin faydalı ola biləcəyini qeyd edən Devani, düzgün və hədəfəyönümlü istifadənin öyrənməni sürətləndirə biləcəyini müdafiə edib.


Mənbə: Gazete Oksijen