ABŞ, İranı nüvə silahı inkişaf etdirməkdən çəkindirmək üçün 30 milyard dollarlıq mülki nüvə enerji təklifi və sanksiyalarda güzəştləri ehtiva edən yeni bir plan hazırlayıb. Körfəz ölkələrinin də maliyyə dəstəyi verməsi gözlənilən bu təklif, uranın zənginləşdirilməsinin tamamilə dayandırılması şərti ilə masaya qoyulub.
Planın detalları: İsrailin "Israel Hayom" qəzetinin xəbərinə görə, Tramp administrasiyası İranla yeni bir nüvə razılaşması əldə etmək üçün diqqətçəkən bir təklif paketi hazırlayıb. Bu paketin içində İran üçün 30 milyard dollara qədər maliyyə dəstəyi, mülki məqsədli nüvə enerji proqramı qurulması, sanksiyaların yumşaldılması və dondurulmuş İran vəsaitlərinin azad olunması yer alır.
Mövzuyla əlaqəli dörd mənbə, danışıqların İsrail və İran arasında atəşkəsdən sonra sürətləndiyini təsdiqləyib.
ABŞ rəsmiləri, təkliflər masasında olsa da, İranın uran zənginləşdirmə fəaliyyətlərini tamamilə dayandırmasının "müzakirə mövzusu olmayan" əsas şərt olduğunu vurğulayıb. Bu detallar, ötən cümə ABŞ-ın Orta Şərq üzrə Xüsusi Nümayəndəsi Stiv Witkoff və Körfəz ölkələrindən nümayəndələrin Ağ Evdə keçirdiyi gizli və saatlarla davam edən görüşdə müzakirə olunub.
Pulu kim verəcək? CNN-ə danışan mənbələr, ABŞ-ın İran üçün yalnız mülki enerji istehsalına yönəlik və zənginləşdirmə olmayan yeni nüvə proqramı qurmağı təklif etdiyini bildirib. Bu proqram üçün 20-30 milyard dollarlıq sərmayə nəzərdə tutulur. Lakin bu vəsaitin birbaşa ABŞ tərəfindən deyil, Körfəzdəki müttəfiqlər tərəfindən təmin olunması planlaşdırılır.
Ağ Evin təklif paketində, İrana qarşı bəzi sanksiyaların qaldırılması və xaricdə dondurulmuş 6 milyard dollarlıq İran fondlarına çıxışın təmin olunması da yer alır. Bundan əlavə, Fordo Nüvə Qurğusunun bağlanaraq yerinə zənginləşdirmə olmayan yeni proqram qurulması da gündəmdədir. Lakin bu qurğunun istifadəsinin İranda qalıb-qalmayacağı dəqiq deyil.
Siyasi açıqlamalar: ABŞ-ın Orta Şərq üzrə Xüsusi Nümayəndəsi Steve Witkoff Çərşənbə günü CNBC-yə verdiyi açıqlamada, ABŞ-ın “əhatəli bir sülh razılaşması” hədəflədiyini deyib. Tramp administrasiyasından yüksək vəzifəli bir rəsmidən verilən açıqlamada isə bütün təkliflərin İranın nüvə silahına sahib olmasının qarşısını almağa yönəldiyi bildirilib.
Vaşinqton yalnız mülki məqsədli nüvə proqramına isti baxır, lakin bu proqram çərçivəsində İranın öz uranını zənginləşdirməsi qadağan ediləcək. Bunun yerinə ABŞ, İranın zənginləşdirilmiş uranı idxal etməsini təklif edir. Witkoff bu modeli Birləşmiş Ərəb Əmirliklərinin nüvə proqramına bənzədib.
Tramp: Xəbərim yoxdur ABŞ Prezidenti Donald Tramp ötən Çərşənbə günü verdiyi açıqlamada, ABŞ və İranın gələn həftə görüşəcəyini bildirib. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmaeil Baqaei belə bir görüşdən xəbərləri olmadığını deyib. Mövzuya yaxın mənbələr isə görüşün detalları üzərində hələ də iş getdiyini bildirib.
Tramp, atəşkəsdən sonra yeni bir razılaşma üçün tələsmir kimi görünsə də, məsləhətçiləri uzunmüddətli bir anlaşmanın atəşkəsi daimi edəcəyinə inanır.
Qətərin bu həftə İsrail və İran arasında olan kövrək atəşkəsdə kritik rol oynadığı və ABŞ ilə birlikdə münaqişənin yenidən başlamaması üçün çalışacağı bildirilib.
Tramp administrasiyası, son iki həftədə baş verən hadisələrdən sonra İranın nüvə silahı inkişaf etdirmə səylərindən əl çəkəcəyini və ABŞ-ın şərtlərinə daha açıq olacağını ümid edir. Lakin bəzi İran üzrə mütəxəssislər bunun əksini düşünür, yəni Tehranın indi nüvə silahına sahib olmağın daha da zəruri olduğunu hesab etdiyini iddia edir. Bu iddianın əsasında, İran Parlamentinin bu həftənin əvvəlində BMT-nin Nüvə Nəzarət Agentliyi ilə əməkdaşlığı dayandıran qanun layihəsini qəbul etməsi dayanır.
İsrailin təxminən iki həftə əvvəl İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatdan əvvəl ABŞ və İran arasında altı raund nəzərdə tutulan danışıqların beşi baş tutmuşdu. Lakin altıncı raund başlamadan İsrailin hücumları səbəbindən müzakirələr dayandırılıb.
ABŞ tərəfi İranın heç bir halda nüvə gücünə sahib olmasını istəmir Tramp, razılaşma ehtimalı ilə bağlı verdiyi açıqlamada, “Bəlkə razılaşma imzalayarıq, bilmirəm,” deyib. NATO Zirvəsində isə, “Nüvə silahına sahib olmayacaqlarına dair bir bəyanat ala bilərəm, yəqin ki bunu istəyəcəyik,” ifadələrini işlədib.
Tramp əlavə edib ki, daha əvvəl İranla aparılan danışıqlarda tələb etdikləri şərtlər hələ də keçərlidir və “bizim tək istədiyimiz onların nüvə gücünə sahib olmamalarıdır,” deyib.
ABŞ Dövlət Katibi və Milli Təhlükəsizlik Məsləhətçisi Marko Rubio da Çərşənbə günü verdiyi açıqlamada, mümkün bir anlaşmanın yalnız İranın ABŞ ilə birbaşa danışıqlara açıq olması halında mümkün ola biləcəyini bildirib. Rubio, “Dünyadakı hər ölkə ilə sülh şəraitində münasibətlər qurmaq istəyirik. Bu proses yalnız İranın sülhə deyil, ABŞ ilə birbaşa danışıqlara hazır olub-olmamasından asılıdır,” deyib.
Xüsusi Nümayəndə Witkoff isə CNBC-yə verdiyi açıqlamada, razılaşma əldə olunacağına dair “əlamətlər” olduğunu söyləyib. “İranlılarla danışırıq. Bizə çatan çoxlu vasitəçilər var,” deyən Witkoff, “Düşünürəm ki, hazırdırlar,” ifadələrini işlədib.