Çin və Rusiyanın təşəbbüsü ilə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Şurası Zirvəsi 31 avqust – 1 sentyabr tarixlərində Tyanjində təşkil olunur. Çin Dövlət Başçısı Si Cinpin Zirvədə 20 dövlət başçısını qəbul edəcək. ABŞ və Qərbin sanksiyalarının müzakirə olunacağı Zirvədə həmçinin, Rusiya Prezidenti Vladimir Putin ilə Hindistanın Baş naziri Narendra Modinin təmasları da gündəmdədir.
Çin Dövlət Başçısı Si Cinpin Zirvədə təxminən 20 dünya liderini qəbul edəcək. İştirakçılar arasında Prezidentimiz İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Hindistan Baş naziri Narendra Modi, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Məsud Pezeşkiyan və Ermənistan Baş naziri Nikol Paşinyan yer alır.
ŞƏT, 2001-ci ildə Çin, Rusiya və dörd Orta Asiya ölkəsi tərəfindən NATO kimi Qərb ittifaqlarının təsirini məhdudlaşdırmaq məqsədilə yaradılmışdı. Çin dövlət mediasına görə, builki Zirvə təşkilatın yaranmasından bəri keçirilən ən böyük toplantı olacaq və ABŞ ilə davam edən ticarət müharibələrinin fonunda baş tutur. Zirvə böyük ölçüdə simvolik xarakter daşısa da, liderlərə ortaq narazılıq və maraqlarını dilə gətirmək imkanı verəcək.
Əsasən təhlükəsizlik məsələlərinə fokuslanan ŞƏT, son illərdə 10 daimi üzv və 16 dialoq və müşahidəçi ölkə ilə genişlənib. ŞƏT artıq yalnız təhlükəsizlik və terrorla mübarizə deyil, həm də iqtisadi və hərbi əməkdaşlığı əhatə edən geniş bir platformaya çevrilib.
Çinin Rusiyaya yüksək səviyyəli diplomatik dəstək verməyi hədəflədiyi iddia olunur. Çin, Zirvəni əsasən cənub yarımkürəsində yerləşən inkişaf etməkdə olan və aşağı gəlirli ölkələri əhatə edən "Qlobal Cənub" arasında güclü birliyin göstəricisi kimi təqdim etməyi planlaşdırır.
Qərb mediasında yayılan xəbərlərə görə, Si Cinpinin Zirvədən “ABŞ rəhbərliyindəki beynəlxalq nizamın necə görünəcəyini göstərmək və Ukraynanın işğalı səbəbilə sanksiyalarla üzləşən Rusiyaya yüksək profilli diplomatik dəstək vermək” üçün istifadə etməsi gözlənilir.
Çin və Rusiya münasibətləri “tarixin ən yaxşı səviyyəsində”
Çin və Rusiya dövlət mediasının məlumatına görə, Putin Zirvədə iştirak etmək üçün bu gün Tyanjinə gəlib. Çin dövlət yayımçısı CCTV Putinin gəlişi ilə bağlı xəbərində, Çin ilə Rusiya arasındakı münasibətlərin “tarixin ən yaxşı səviyyəsində” olduğunu və “böyük dövlətlər arasında ən sabit, yetkin və strateji baxımdan ən mühüm” münasibətə çevrildiyini bildirib.
Səfərindən bir gün əvvəl Putin Çinin rəsmi “Xinhua” agentliyinə verdiyi müsahibədə Qərb sanksiyalarını tənqid edərək, “Moskva və Pekinin qlobal ticarətdəki ‘ayrı-seçkilikli’ sanksiyalara birlikdə qarşı çıxdığını” deyib. Rusiya iqtisadiyyatı ticarət məhdudiyyətləri və müharibənin xərcləri səbəbilə resessiya həddindədir.
Modi yeddi ildən sonra ilk dəfə Çini ziyarət etdi
Digər tərəfdən, Hindistan Baş naziri Modi də bu gün Tyanjinə gəlib və Zirvə ərəfəsində Si Cinpin ilə görüşüb. Bu, Modinin yeddi ildən sonra Çinə etdiyi ilk səfərdir.
Zirvə, ABŞ Prezidenti Donald Trampın, Dehlinin Rusiyadan neft alışını davam etdirməsi səbəbilə Hindistan mallarına ağır tariflər tətbiq etdiyi və Putinin Ukraynadakı davam edən müharibəsi üzündən sanksiya təhdidləri ilə qarşı-qarşıya qaldığı bir vaxtda keçirilir.