2020-ci ildə qazıntı zamanı şüşə tapan elm adamları onun fosilləşmiş beyin olduğunu təxmin ediblər, lakin onun necə əmələ gəldiyini öyrənə bilməyiblər. 20 yaşlarında olan və kəllə sümüyünün içində noxud böyüklüyündə qara şüşə parçaları olan qurban eramızın 79-cu ilində bu gün Neapol şəhərinin yerləşdiyi ərazidə vulkan püskürməsi nəticəsində ölüb. Elm adamları, təxminən 510 dərəcə Selsi temperaturunda bir kül buludunun beyni əhatə etdiyini və daha sonra çox tez soyuyaraq beyni şüşəyə çevirdiyini düşünürlər.
Bu, insan toxumasının və ya hər hansı üzvi materialın təbii olaraq şüşəyə çevrilməsinin müşahidə edildiyi ilk haldır.
Roma Tre Universitetinin professoru Guido Giordano deyir: "Beynin şüşəyə çevrilməsi üçün yenidən yaratdığımız çox xüsusi şərtlər fonunda başqa oxşar qalıqların olması çox çətindir, lakin qeyri-mümkün deyil".
Beynin sahibi kişi qədim Roma şəhəri Herkulaneumun əsas küçəsində yerləşən Kollegiya binasında çarpayısında ölüb. Alimlər tərəfindən tapılan hissəciklərin ölçüləri 1-2 santimetr ilə bir neçə millimetr arasında dəyişir. Nəhəng Vezuvi püskürməsi Herkulanumu və təxminən 20.000 insanın yaşadığı Pompey şəhərini tamamilə əhatə edib. Onlardan 1500-ə yaxınının qalıqları tapılıb. Alimlər düşünürlər ki, püskürmədən əvvəl Vezuvidən gələn isti kül buludu, ehtimal ki, ölümlərin çoxuna səbəb olub. Sürətlə hərəkət edən isti qaz və vulkanik material axını, yəni vulkanik axın kül buludunun ardınca gəlib və bölgəni tamamilə əhatə edib. Mütəxəssislər düşünürlər ki, kül buludu gəncin beynini şüşəyə çevirmiş ola bilər, çünki vulkan axını kifayət qədər istiləşə və ya kifayət qədər tez soyuya bilməzdi. Şüşə formalaşması çox xüsusi temperatur şəraiti tələb edir və çox nadir hallarda təbii şəkildə baş verir.